Spotify və Türkiyə arasında sürən gərginlik

  • Zenfira Həbibli
  • 10.08.2025

Spotify dünyanın bir çox yerində istifadə edilən məşhur musiqi və podkast platformasıdır. Bu platformada hər gün minlərlə musiqi növü, playlistlər, fərqli kontentlər paylaşılır. Türkiyədə də 2013-cü ildən fəaliyyətdə olan və olduqca populyar bu proqramın hazırda 12 milyondan çox istifadəçisi var. Lakin son zamanlarda Türkiyə hökuməti və spotify qurucuları arasında anlaşmazlıq höküm sürür. Gəlin, Türkiyədə bir neçə gündür gündəm olan bu mövzu haqqında biz də danışaq. İngilis qəzeti olan “The Times”-ın verdiyi xəbərə görə Spotifyda bəzi musiqi siyahılarının türk adət-ənənələrinə, mentalitetinə zidd olan adlarla istifadə olunması Türkiyənin Mədəniyyət və Turizm Nazirini narahat edib. Nazirin köməkçisi bu kontentlər haqqında - “milli və dini dəyərlərimizə zədə vurur” - şəklində sərt çıxış edib. Bundan sonra 4 iyul tarixində Türkiyənin “Rəqabət qurumu” Spotify-a soruşdurma açıb. Spotify isə bu mövzu haqqında olan açıqlamasında qeyd edib ki, istifadəçilərin yaratdığı kontentlərə senzura qoymaq istəmirlər. Ya müvəqqəti, ya da tamamilə Türkiyədəki fəaliyyətlərini dayandırmağı düşünürlər. Bundan əlavə türk hökuməti spotify-ın türkiyədə fiziki ofis açmağını tələb edir və bu barədə də danışıqlar aparılır. Spotify platforma olaraq türk sənətçilərinin və kontent yaradıcılarının tanınmasında, qlobal arenaya çıxmasında, dinlənmə sayılarının artmasında mühüm rol oynayır. Bu səbəbdən musiqi şirkətləri və sənətçilər də narahatlıqlarını qeyd ediblər. Eyni zamanda bəzi istifadəçilər bu xəbərə çox məyus olduqlarını sosial şəbəkələrdə bildiriblər. Hazırda hər iki tərəfin bu anlaşmazlığı sonlandırmaq və istifadəçi tələblərini qarşılamaq üçün çalışdığı bildirilir.